Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Komitənin rəhbər işçiləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olur. Həmçinin dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da vətəndaşlar tərəfindən verilir.

Hər bir vətəndaşın müraciətinə hərtərəfli qayğı və həssaslıqla yanaşılır. Bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində işlər yerinə yetirilir. Bəzən komitənin fəaliyyət istiqamətlərinə aid olmayan suallar da ünvanlanır. Həmin müraciətlər də aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınır.

Qeyd edilməlidir ki, 2018-ci ilin noyabr ayı ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri respublikanın 56 rayonu üzrə vətəndaş qəbulu keçirib. Ay ərzində ümumilikdə 232 nəfər vətəndaş qəbul edilib, onların şikayət və ərizələrinin bir qismi yerindəcə həll olunub, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Məlumat üçün bildirilir ki, yerli qurumların rəhbərləri tərəfindən vətəndaşların qəbulu komitənin rəsmi internet səhifəsində yerləşdirilmiş qrafikə uyğun olaraq hər ay keçirilir.