Xüsusi hesabat forması

Dövlət müəssisələrinin idarə edilməsi və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi və şəffaflığın artırılması, dövlət müəssisə və təşkilatlarında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin sürətləndirilməsi və nəticə etibarı ilə dövlət əmlakından səmərəli istifadənin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında "6 iyun 2007-cı il tarixli 586 nömrəli Fərmanın 8.4-cü bəndinin icrasını təmin etmək məqsədilə "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 98 nömrə li Qərarı ilə təsdiq edilmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması" yerli icra hakimiyyəti orqanları, dövlət komitə, şirkət, birlik, səhmdar cəmiyyətləri və dövlət şirkətləri tərəfindən hər il aprel ayının 1-dək əvvəlki hesabat ili üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir. Xüsusi hesabat formasının alınmasında əsas məqsəd dövlət əmlakının istifadə vəziyyətinin təhlili, faktiki vəziyyətinin müəyyənedilməsi, onun qorunub saxlanılmasının və səmərəli istifadəsi, habelə bu sahədə nəzarətin gücləndirilməsinin təmin olunmasıdır. Xüsusi hesabat forması dövlət müəssisələri və dövlət orqanları tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edildikdən sonra hər biri təhlil edilərək vahid informasiya bazasına daxil ediləcəkdir.

Dövlət əmlakının qorunub saxlanılmasına və ondan səmərəli istifadə olunmasına nəzarət məqsədilə hesabatlarda göstərilən məlumatların araşdırılması üçün ehtiyac olduqda komitə tərəfindən həmin müəssisələr də monitorinqlər keçiriləcəkdir. Monitorinqlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, habelə zəruri hallarda müvafiq dövlət orqanlarına məlumat veriləcəkdir. Komitə tərəfindən hesabat formasının doldurulması və təqdim edilməsi qaydaları ilə bağlı metodik təlimat hazırlanmışdır. Xüsusi hesabat formasının blanklarının çap olunması və metodik təlimatla birgə yerlərə çatdırılması Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunmuşdur. Bakı şəhərində və regionlarda dövlət müəssisələrinin, dövlət orqanlarının və komitənin ərazi şöbələrinin işçiləri üçün hesabat formasının doldurulması və tətbiq edilməsi ilə bağlı treninq və seminarlar təşkil edilmişdir. Şəffaflığın və səmərəliliyin artırılması məqsədilə hesabat formasının qəbulu və təhlili prosesinin avtomatlaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilmişdir. Xüsusi hesabat formasının alınması nəticəsində dövlət müəssisələrində və nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin də dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunmasına nəzarətin daha təkmilləşdirilmiş formada həyata keçirilməsi təmin ediləcəkdir.