Əhali hərracları real vaxt rejimində izləyir: Növbəti hərrac rəqabətli olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclarda yaradılmış avtomatlaşdırılmış infrastruktur əhaliyə prosesi real vaxt rejimində izləmək imkanı verir. Bunun üçün qeyd olunan linkə keçid etmək kifayətdir: https://e-emdk.gov.az/eHerrac/Home/Presentation

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda  keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-ı  kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə  6 min 500  kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. 

Hərracda sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1300 kv.m-ə yaxın torpaq sahəsi isə 3 min kv.m-dən çoxdur.

Qeyd edilməlidir ki, Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi kimi müəssisələrin özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxmasına səbəb olur. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır. 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-ı paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 3-ü Səbaildə, 2-si Nəsimidə digəri isə Nizamidə yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şirvan rayonundadır. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 124 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11  kv.m olan qeyri-yaşayış sahəsidir.

Hərracda 3 yarımtikili də özəlləşdirilib. Yarım tikililərin 2-i Ağstafa rayonunda, digəri isə Gəncə şəhərində yerləşir. 

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də öz sahibini tapıb. Ən ucuz qiymətə özəlləşən avtomobil  QAZ-31105 markalı minik maşını olub .

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb.  

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 24 oktyabrda keçiriləcəkdir.