Növbəti hərracda böyük rəqabət: 9 əmlak üzrə 31 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesə investor marağını yüksəldir. Bununla da özəlləşdirilmənin sürətlənməsi ilə bağlı aparılan işlər öz nəticəsini verir. Eyni zamanda özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri də prosesə olan marağı daha da artırıb. Hərracların rəqabətli keçməsi özəlləşmə vasitəsilə büdcə daxilolmalarını artırır.

Hərraca çıxarılan bir sıra əmlakların torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də investor marağını artırır. Qeyd edilməlidir ki, 2017-ci il ərzində 40 əmlakın özəlləşdirilməsi rəqabətli keçirilmişdir. Həmin əmlakların ilkin start qiyməti 556 min manatdan 1 milyon manata qədər yüksəlmişdir. Nəticədə 445 min manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsinə imkan yaranmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 yanvar tarixində keçirilən növbəti hərracda böyük rəqabət müşahidə olunub. Ümumilikdə bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Sifaişlərdən 8-i isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Qeyd edilməlidir ki, rəqabətli keçən 9 əmlakın ilkin start qiyməti 47 min 300 manatdan 61700 manata qədər yüksəlmişdir.

Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. 11 nəfərin sifariş verdiyi Nissan Sunny markalı avtomobilin ilkin start qiyməti 2 min 300 manata olsada ən son 8700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Cherry Eastar olub. 6 sifarişin verildiyi adı çəkilən nəqliyyat vasitəsinin ilkin start qiyməti 1600 manat olmasına baxmayaraq 5350 manata sahibini tapıb. Bundan başqa Nissan Maxima markalı avtomobil də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 600 olsa da ən son 5300 manata özəlləşdirilib. 

Qeyd edilməlidir ki, özəlləşən kiçik dövlət müəssisəsi 47 saylı mağazadır. Yevlax şəhərində yerləşən əmlakın ümumi faydalı sahəsi 70 kv.m təşkil edir. Obyekt xidmət sahəsində investor üçün yaxşı gəlir gətirə bilər.

Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda qalanları isə Mİngəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investor üçün gəlir mənbəyidir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 60 kv.m-dir. Eyni zamanda Bakının Yasamal rayonunda yerləşən, sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də  xidmət sahəsində, ofis kimi fəaliyyət göstərməyə imkan verir. Bundan başqa ümumi faydalı sahəsi 31 kv.m olan, Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi də özəlləşən əlverişli əmlaklardandır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Özəlləşmə prosesində 8 elektron xidmətin tətbiqi də əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, təcrübə göstərir ki, özəlləşən müəssisələrə yüksək standartlara uyğun avadanlıq gətirməklə fəaliyyəti yenidən bərpa olunur. Həmin müəssisələr yeni iş yerlərinin açılmasına, müasir xidmətlərin göstərilməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına şərait yaradır. Həmçinin bölgələrin iqtisadi potensialının artmasına, dövlət və vətəndaş mənafelərinin təmin edilməsinə də müsbət təsirini göstərir.    

   

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?