Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

      Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. 

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
      Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyə əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi
      2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
      2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.
      2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər.
      2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

Maddə 3. Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri
      3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:
      3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi;
      3.0.2. torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması;
      3.0.3. torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi;
      3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;
      3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması.

Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri
      4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:
      4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
      4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;
     4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək;
      4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq;
      4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;
      4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;
      4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək;
      4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;
      4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək;
      4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək;
      4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək;
      4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi
      5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
      5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz.
      5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir.
      5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. 

 

II fəsil

Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri

 

Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
      6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
      6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
      6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.
      6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
      6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
      6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir.
      6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
      6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir.
      6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
      6.10. Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları dövlət, ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri alına bilər.
      6.11. Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər.

Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları
      7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
      7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
      7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
      7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala
salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar;
      7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.
      7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su
fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
      7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir:
      7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına;
      7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;
      7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.
      7.4. Müvafiq inzibati-ərazi vahidi daxilində adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyələr torpaq sahəsinin ilk növbədə öz ərazilərində yaşayan vətəndaşlara və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilərlər.

Maddə 8. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları
      8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:
      8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək;
      8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;
      8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək;
      8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə;
      8.0.5. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların yararlı hala salınmış hissəsi;
      8.0.6. qeyri-kənd təsərrüfatı məqsədləri üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş torpaq sahəsinin ayrılma məqsədi üzrə faktiki istifadə olunan hissəsi.

Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri
      9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
      9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.
      9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır.
      9.4. Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastrukturu sahələrinin yaradılması üçün nəzərdə tutulan, habelə xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqlarının satışı , bir qayda olaraq, torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir.
      9.5. Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının əldə edilməsində, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir. Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir.
      9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
      9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar.

Maddə 10. Satışa çıxarılan torpaq sahələrinin qiyməti
      10.1. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.
      10.2. Bələdiyyələrin kənd təsərrüfatına az yararlı və yararsız torpaqları öz vəsaitləri hesabına yararlı hala salaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satıldıqda bu torpaqlarda torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qiymət güzəştləri tətbiq olunur.
      10.3. Satışa çıxarılan bələdiyyə torpaqlarının qiymətinin formalaşmasının şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi
      11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir.
      11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
      11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
      Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular torpaqlardan
istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməkdə üstünlük hüququna malikdirlər.
      11.4. Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları ayrıldıqda yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə
icarəyə verilə bilər.
      11.5. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.
      11.6. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir.
      11.7. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.
      11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz.
      11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
      11.10. Torpağın icarəsinə dair müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra icarəçinin həmin müqaviləni təzələmək üçün üstünlük hüququ vardır.
      11.11. İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər.
      11.12. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir.
      11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.
      11.14. İstifadəyə və icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. 

 

III fəsil

Bələdiyyə torpaqlarından istifadə edilməsinin ümumi qaydaları

 

Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə
      12.1. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır.
      12.2. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir.
      12.3. İstifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması və yüksəldilməsi üçün müvafiq mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər görməlidirlər.

Maddə 13. Yaşayış məntəqələrinin torpaqlarından istifadə
      13.1. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin ikinci hissəsi ilə müəyyən olunmuş torpaqlar daxildir.
      13.2. Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə torpaqlarından şəhərlərin, qəsəbələrin və kəndlərin baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yer-təsərrüfat quruluşu planlarına müvafiq surətdə istifadə edilir.
      13.3. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları dəyişdirilərkən və ya orada tikinti üçün torpaq sahələri ayrılarkən yaşayış məntəqəsinin baş planı ilə müəyyən edilmiş şəhərsalma norma, qayda və reqlamentlərinə əməl olunmalıdır.
      13.4. Yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir.
      13.5. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət etmək üçün müvəqqəti inşa edilən səyyar köşklər və digər tikililər şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olmalı, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir.
      13.6. Şəhərətrafı zonaların bələdiyyə mülkiyyətinə aid torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir. Bu torpaqlar xüsusi mühafizə olunur və orada sanitariya-gigiyena, sağlamlaşdırma funksiyaları və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsinə yol verilmir.
      13.7. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin bələdiyyə torpaqlarından istifadə qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, "Şəhərsalmanın əsasları haqqında", "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunları ilə, habelə onlara uyğun olaraq qəbul olunmuş müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 14. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardan istifadə
      14.1. Bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşən sənaye, nəqliyyat, rabitə, boru kəməri xətləri, dağ-mədən və digər qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılmış və onların ətrafında yaradılmış xüsusi hüquqi rejimli mühafizə zonalarında torpaqlardan istifadə qaydaları və şərtləri, habelə həmin torpaqlarda abadlıq işlərinin aparılması, yaşayış, inzibati, mədəni-məişət və digər binaların tikintisi və qurğuların quraşdırılması işləri bələdiyyələrin razılığı ilə həyata keçirilir.
      14.2. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri, habelə sənaye obyektlərinin sanitariya-mühafizə zonalarının altındakı bələdiyyə torpaqları, bu torpaqların və obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada kənd təsərrüfatı məqsədləri üçün istifadə edilə bilər.
      14.3. Geodeziya, geoloji, arxeoloji, neft-qaz kəşfiyyat və qazma işlərinin aparılması nəticəsində yararsızlaşmış torpaq sahələri bu işləri aparan idarə və təşkilatlar tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada abadlaşdırılmalı və yararlı vəziyyətə gətirilməlidir.
      14.4. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə cavab verməyən torpaqlar müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərinin ekspert rəyi əsasında bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılır, konservasiya edilir və bərpa olunmaq üçün ehtiyat torpaq fonduna keçirilir.
      14.5. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardan istifadənin başqa şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 15. Başqa kateqoriyalara aid edilmiş bələdiyyə torpaqlarından istifadə
      Başqa kateqoriyalara aid edilmiş bələdiyyə torpaqlarından istifadə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər
      16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
      16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
      16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
      16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. 

 

IV fəsil

Torpaq haqqının bələdİyyələr tərəfindən müəyyən edilməsi

 

Maddə 17. Torpaq haqqının formaları
      17.1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur.
      17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir.

Maddə 18. Torpaq vergisi
      18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər.
      18.2. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır.
      18.3. Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar.
      18.4. Bələdiyyələr öz ərazilərində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hədlərdə torpaq vergisinin dərəcələrini və vergi güzəştlərini müəyyən edirlər.
      18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur.
      18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
      18.7. Digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 (yüz) kvadratmetrinə görə şərti maliyyə vahidinin misli ilə müəyyən olunan dərəcələri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş həcmdə tətbiq edilir.
      18.8. Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
      18.8.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
      18.8.2. bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
      18.8.3. istehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin meşə fondu, su fondu və digər kateqoriyalara aid edilmiş torpaqları.
      18.9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği on manat azaldılır. Torpaq vergisinə belə güzəştlər tətbiq edilən şəxslərin mülkiyyətində ayrıca qeydiyyata alınmış iki və daha çox torpaq sahəsi olarsa vergi güzəştləri mülkiyyətçinin arzusu ilə bu sahələrin birinə, yaşayış fondlarının torpaqlarında isə həmin şəxsin yaşayış yer üzrə qeydiyyatda olduğu evin, habelə həyətyanı sahənin altında olan torpağa şamil edilir.
      18.10. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə zonalarının torpaq sahələrinə görə torpaq vergisi tutulur.
      18.11. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
      18.12. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
      18.13. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir.

Maddə 19. Torpağın icarə haqqı
      19.1. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
      19.2. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir.
      19.3. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
      19.4. Torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.
      19.5. Torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz.
      19.6. Hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir.

Maddə 20. Torpaqla əlaqədar əqdlərin rəsmiləşdirilməsi
      20.1. Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.
      20.2. Torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin müvafiq bələdiyyə tərəfindən müəyyən edilmiş hissəsi yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsinə sərf edilir.
      20.3. Torpaq ödəncləri üzrə güzəştlər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir. 

 

V fəsil

Bələdiyyə torpaqlarının mühafizəsi

 

Maddə 21. Bələdiyyə torpaqlarının mühafizəsinin məqsədi və vəzifələri
      21.1. Bələdiyyə torpaqlarının mühafizəsinin məqsədi onlardan səmərəli istifadə edilməsini, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsini, onların zərərli antropogen təsirlərindən qorunmasını, torpaqların münbitliyinin bərpasını və artırılmasını təmin etməkdir.
      21.2. Bələdiyyə torpaqlarının istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində aşağıdakıları həyata keçirməlidirlər:
      21.2.1. ərazinin səmərəli təşkili;
      21.2.2. torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yaxşılaşdırılması;
      21.2.3. torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, şoranlaşmadan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, digər dağıdıcı proseslərdən qorunmasını təmin etmək;
      21.2.4. kənd təsərrüfatı bitkiləri altında olan torpaqları kol-kos basmaqdan, torpaqların mədəni-texniki vəziyyətini, habelə meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən digər proseslərdən qorunması;
      21.2.5. yararsızlaşmış kənd təsərrüfatı torpaqlarının münbitliyinin bərpa edilməsi üçün onların konservasiya edilməsi;
      21.2.6. korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası);
      21.2.7. təsərrüfat fəaliyyəti nəticəsində torpaqların korlanması ehtimalı labüd olarsa onların münbit qatının götürülməsi və təkrar istifadə edilməsi.
      21.3. Bələdiyyə torpaqlarının mühafizəsinin məzmunu və qaydaları, bələdiyyələrin, habelə bələdiyyə mülkiyyətində olan torpaqların istifadəçiləri və icarəçilərinin torpaqların mühafizə sahəsindəki vəzifələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 22. Bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsinin və onların mühafizəsinin stimullaşdırılması
      22.1. Bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və iqtisadi cəhətdən stimullaşdırılması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin saxlanması və yüksəldilməsində marağın artırılması, təsərrüfat fəaliyyətinin zərərli təsirindən torpaqların qorunması məqsədilə həyata keçirilir.
      22.2. Bələdiyyə torpaqlarından səmərəli istifadə və onların mühafizəsinin iqtisadi cəhətdən stimullaşdırılması aşağıdakı tədbirlər vasitəsilə həyata keçirilir:
      22.2.1. əvvəllər korlanmış torpaqların bərpası üçün bələdiyyə büdcələrindən vəsait ayırmaq;
      22.2.2. kənd təsərrüfatı dövriyyəsinə yeni torpaq sahəsi vermək və ya mövcud kənd təsərrüfatı torpaqlarının yaxşılaşdırılması mərhələsində - layihə üzrə işlərin görülməsi üçün nəzərdə tutulmuş müddətdə torpaq haqqından azad etmək;
      22.2.3. torpaqlardan səmərəli istifadə və onların mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün güzəştlər tətbiq etmək;
      22.2.4. torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına və münbitliyinin artırılmasına görə mükafatlandırma və ya qanunvericiliklə müəyyən edilən hallarda kompensasiya vermək.
      22.3. Bələdiyyə torpaqlarının mühafizəsi üzrə tədbirlər bələdiyyələrin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilir. Həmin proqramların həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada dövlət büdcəsi vəsaitindən istifadə edilə bilər.

Maddə 23. Bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət
      23.1. Torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir.
      23.2. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər.
      23.3. Mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını bələdiyyələr aşağıdakı yollarla həyata keçirirlər:
      23.3.1. torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməsi və iddialar qaldırılması;
      23.3.2. öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin dayandırılması, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qadağan edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsi;
      23.3.3. torpaqların münbitliyinin yaxşılaşdırılması, onların istifadəsi və mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
      23.3.4. qanunvericiliklə müəyyən edilmiş digər məsələlərin həll edilməsi.

Maddə 24. Bələdiyyə torpaqlarının monitorinqinin, torpaq kadastrının və yerquruluşu işlərinin aparılması
      Bələdiyyə torpaqlarının monitorinqinin, torpaq kadastrının və yerquruluşu işlərinin aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

 

VI fəsil

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

 

Maddə 25. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan ziyanın ödənilməsi
      Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir.

Maddə 26. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
      Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 27. Mübahisələrin həlli
      27.1. Bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı məhkəmədən kənar mübahisələr bələdiyyələr tərəfindən həll edilir.
      27.2. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Maddə 28. Keçid müddəaları
      Bu Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş əsasnamə qəbul edilənə qədər bələdiyyə torpaqları üzrə torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2001-ci il
                   № 160-IIQ