Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu

      Bu Qanun Azərbaycan Respublikasında dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin nizama salınmasının hüquqi əsaslarını müəyyən edir.

 

I fəsil

 Ümumİ müddəalar

 

Maddə 1. Əsas anlayışlar
      Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

dövlət torpaq kadastrı – torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu;

torpaqların monitorinqi – torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi;

yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi.

Maddə 2. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən və digər qanunvericilik aktlarından ibarətdir.

      Torpaq kadastrı, monitorinqi və yerquruluşu işlərinin aparılması ilə əlaqədar  meydana çıxan yerin təkindən, meşədən, sudan, təbii ehtiyatlardan istifadə üzrə münasibətlər bu Qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq kadastrı, monitorinqi və yerquruluşu barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsəd və vəzifələri
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir.

      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin vəzifələri Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin vahid normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə hüquqi baza yaratmaqdır.

Maddə 4. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin əsas prinsipləri
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri aşağıdakı prinsiplərə əsaslanır:

        dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi;
        dövlət torpaq kadastrı və torpaqların monitorinqi məlumatlarının uçotunun və dövlət qeydiyyatının məcburiliyi;
        torpaqların monitorinqi üzrə müşahidələrin ardıcıllığı, kompleksliyi və fasiləsizliyi;
        dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzərində dövlət nəzarəti;
        yerquruluşu layihələrinin geodezik koordinatlar sistemi əsasında həyata keçirilməsi;
        dövlət torpaq kadastrının və torpaqların monitorinqinin digər müvafiq kadastr və monitorinq işləri ilə əlaqələndirilməsi və uzlaşdırılması.

 

II fəsil

 Dövlət torpaq kadastrı

 

Maddə 5. Dövlət torpaq kadastrının aparılması qaydaları
      Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.

      Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir.
      Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir.
      Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
      Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 6. Dövlət torpaq kadastrının məlumatları
      Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:

        torpaq sahələrinin hüquqi statusu;
        torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;
        torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;
        torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;
        torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar.
      Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.
      Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur.
      Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı
      Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir.

      Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.
      Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

Maddə 8. Torpaqların texniki uçotu
      Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.

      Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur.
      Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 9. Torpaq-kadastr sənədləri sistemi
      Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir.

      Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir.
      Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur.
        torpağa mülkiyyət hüququna dair dövlət aktı;
        torpaqdan daimi istifadə hüququna dair dövlət aktı;
        torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
        torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
        notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri.
      Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir:
      torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az   olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin qeydiyyat kitabları və plan-xəritə materialları;
      torpaq sahələrinin ölçülərini, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən kənd, qəsəbə, rayon, şəhər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaq-kadastr kitabları və xəritələri.
      Torpaq-kadastr sənədlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri
      Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir.

      Torpaq-kadastr işləri yerdə (naturada) aşağıdakı müddətlərdə aparılır:
        torpaq və geobotaniki tədqiqat — 10 ildə bir dəfə;
        aqrokimyəvi tədqiqat — 5 ildə bir dəfə;
        meliorasiya işləri aparılmış, eroziyaya uğramış, duzlaşmış və keyfiyyəti pisləşmiş torpaq sahələrində zəruri hallarda.
      Torpaq sahələrinin yerdə (naturada) tədqiqi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

Maddə 11. Dövlət torpaq kadastrı məlumatlarından istifadə
      Dövlət torpaq kadastrının məlumatları aşağıdakı işlərdə istifadə edilir:

        torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində;
        torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi tədbirlərinə dair kompleks dövlət proqramlarının   hazırlanmasında və yerinə yetirilməsində;
        yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında;
        şəhərsalma, meşəsalma, tikinti, meliorasiya və irriqasiya işlərinin layihələşdirilməsində və aparılmasında;
        torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində, torpaq reyestrinin tərtibində və torpaq bazarının formalaşdırılmasında;
        torpaq vergisi dərəcələrinin və torpaq icarəsi haqqının müəyyənləşdirilməsində və tətbiqində;
        torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və istifadəsində;
        torpaqların istifadəsinə, mühafizəsinə və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində.
      Dövlət torpaq kadastrı məlumatlarından istifadə qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

Maddə 12. Dövlət torpaq kadastrı fondu
      Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir.

      Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur.
      Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.
      Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq kadastrı fonduna verməlidirlər.

 

III fəsil

 Torpaq monitorinqi

 

Maddə 13. Torpaqların monitorinqinin forma və növləri
      Azərbaycan Respublikasında torpaqların monitorinqi torpaq üzərində müşahidə və təhqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formalarında həyata keçirilir.

      Torpaqların monitorinqi ətraf mühitin monitorinqinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının vahid torpaq fondunda aparılır və aşağıdakıları nəzərdə tutur:
        müntəzəm müşahidələr, aerofotogeodezik və kartoqrafik tədqiqatlar əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin     təyinatının, ölçülərinin, sərhədlərinin, digər kəmiyyət göstəricilərinin dəyişməsi;
        torpaqlarda baş verən keyfiyyət göstəricilərinin dəyişməsinə nəzarət etmək və qeydə almaq məqsədilə torpaq sahələrində müntəzəm torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji və digər tədqiqatların aparılması.
      Torpaqların monitorinqi əsasında torpaqların ekoloji vəziyyəti, istifadəsi və mühafizəsi barədə proqnozlar, proqramlar, xəritə və bülletenlər, digər məlumatlar hazırlanır.
      Torpaqların monitorinqi respublika, regional və yerli proqramlar əsasında mülkiyyət formasından asılı olmayaraq ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən aparılır.

Maddə 14. Torpaqların monitorinqinin aparılması qaydaları
      Torpaqların monitorinqi Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə vahid metodologiya əsasında aparılır.

      Torpaqların monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

Maddə 15. Torpaqların monitorinqinin informasiya sistemi
      Torpaqların monitorinqinin informasiya sistemi dövlət torpaq kadastrı fondunun tərkib hissəsi kimi Azərbaycan Respublikasında bütün torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə məlumat bankının yaradılmasını nəzərdə tutur.

      Torpaqların monitorinqinin informasiya sistemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

 

IV fəsil

 Yerquruluşu

 

Maddə 16. Yerquruluşunun vəzifələri
      Yerquruluşunun vəzifələri aşağıdakılardır:

        mülkiyyət formasından asılı olmayaraq bütün kateqoriyalardan olan torpaqların mühafizəsinə və səmərəli istifadəsinin təşkilinə dair dövlət siyasətinin əsaslandırılması və həyata keçirilməsi;
        torpaq münasibətlərinin tənzimlənməsi və torpaqların bölgüsü nəticələrinin elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması;
        torpaqdan istifadənin məqsədyönlülüyünün təmin edilməsi, aqrar istehsalatda qiymətli torpaqların qorunub saxlanması;
        ekoloji və iqtisadi cəhətdən əsaslandırılmış, sahəsinə və landşaft xüsusiyyətlərinə görə torpaqdan istifadənin təşkili;
        kənd təsərrüfatı təyinatlı torpaqların yaxşılaşdırılmasına, münbitliyinin artırılmasına, landşaftda tarazlığın təmin edilməsinə dair kompleks tədbirlərin hazırlanması;
        aqrar istehsalatın və iqtisadiyyatın digər sahələrinin səmərəli fəaliyyətləri üçün müvafiq ərazi şəraitlərinin yaradılması;
        ərazinin təşkilində mövcud infrastrukturların qorunub saxlanılması, ekoloji-təsərrüfat və aqroekoloji xüsusiyyətlərin nəzərə alınması;
        torpaq qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.

Maddə 17. Yerquruluşu işlərinin təyinatı
      Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

      Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur:
        kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması;
        torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi;
        xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması;
        şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin hazırlanması;
        mülkiyyət formasından asılı olmayaraq torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili;
        ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması;
        torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya         salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması;
        xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması;
        torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi;
        torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi;
        torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması;
        təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihələrinin hazırlanması;
        torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

Maddə 18. Yerquruluşu işlərinin növləri
      Yerquruluşu təyinatından asılı olaraq kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

      Kompleks yerquruluşu inzibati-ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə və mülkiyyətçilər, istifadəçilər və icarəçilər arasında bölüşdürülməsini və bu işlərin sənədləşdirilməsini nəzərdə tutur.
      Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin konkret torpaq sahəsində istehsalatın ərazi üzrə düzgün yerləşdirilməsinə və istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir.
      Kompleks və təsərrüfatdaxili yerquruluşu işləri yerquruluşu layihələri əsasında həyata keçirilir.
      Kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu işləri isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.

Maddə 19. Yerquruluşu işlərinin aparılması qaydaları
      Yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

      Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
      Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur.
      Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

 

V fəsil

 Dövlət torpaq kadastrı, torpaqların monİtorİnqİ və yerquruluşu İşlərİnİn dövlət tənzİmlənməsİ

 

Maddə 20. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin idarə edilməsi
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.

      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin xüsusi razılıq tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə idarəetmə orqanlarının səlahiyyətləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunur.

Maddə 21. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarəti
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin maliyyələşdirilməsi
      Dövlət torpaq kadastrının aparılması, dövlət sifarişi əsasında həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri dövlət büdcəsindən maliyyələşdirilir.

      Hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir.

 

VI fəsil

 Dövlət torpaq kadastrı, torpaqların monİtorİnqİ və yerquruluşu haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət və mübahİsələrİn həllİ

 

Maddə 23. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

Maddə 24. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 25.Mübahisələrin həlli
      Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin aparılması ilə bağlı mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

Bakı şəhəri, 22 dekabr 1998-ci il

№ 593-IQ