Tarix

      Sivil dünya iqtisadiyyatına inteqrasiya şəraitində daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtibi və aparılması məsələsi ölkə iqtisadiyyatında xüsusi yükü olan daşınmaz əmlak obyektlərinin elmi əsaslarla idarə edilməsində müstəsna əhəmiyyət kəsb edir.
      Bu məsələnin respublika səviyyəsində həllinin təmin edilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 24 iyun 2009 – cu il tarixli “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı ilə yeni yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinə mərkəzi icra hakimiyyəti orqanı olaraq digər statuslarla paralel, daha bir status – daşınmaz əmlakın reyestrinin və vahid kadastrının aparılması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək statusu verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti sayəsində ölkə ərazisində daşınmaz əmlakın vahid kadastrının tərtibini və aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinin ünvan reyestrini tərtib etmək və onlara ünvan verilməsi sahəsində funksiyaları yerinə yetirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqla Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində hüquqi şəxs statuslu qurum kimi Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi təsis edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi 8 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
      Əsas vəzifələrindən biri ölkə ərazisində mövcüd olan daşınmaz əmlak obyektlərinin vahid kadastrını tərtib etməkdən ibarət olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi fəaliyyəti nəticəsində ölkə üzrə daşınmaz əmlak obyektlərinin vahid kadastrının tərtibini, elektron kadastr xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış kadastr xidmətlərinin təşkilinə nail olmağı nəzərdə tutur. Bütün bu işlərdə məqsəd təbii ki, mərkəzləşdirilmiş vahid kadastr məlumat bankının yaradılmasından, bu bankın materiallarından, məlumatlarından informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən istifadə etməklə ölkədə daşınmaz əmlak obyektlərinin elmi əsaslarla idarə edilməsinə nail olmaqdan ibarətdir. Fasiləsiz aparılması nəzərdə tutulan daşınmaz əmlakın vahid dövləıt kadastrı işləri imkan verəcəkdir ki, kadastr məlumatları dolğun, dəqiq, hərtərəfli olsun və kadastr obyektləri idarəetmə obyekti kimi hərtərəfli səciyyələndirilsin. Kadastr işlərinin bu şəkildə təşkili kadastr fəaliyyətini formalaşmaqda olan elektron hökümətin səmərəli fəaliyyəti üçün zəruri olan xidmət infrastrukturlarından birinə çevirəcəkdir.