Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini təkmilləşdirmək və mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yaradılsın.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi yaradılsın.

4. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

6. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

7. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aparatının və Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi 851 ştat vahidi, o cümlədən Dövlət Komitəsinin aparatı işçilərinin say həddi 245 ştat vahidi, ərazi bölmələrinin işçilərinin say həddi 345 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti aparatının işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi aparatının işçilərinin say həddi 55 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 61 ştat vahidi müəyyən edilsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aparatının və Komitənin strukturuna daxil olan qurumların cari il üçün maliyyə təminatı ilə bağlı məsələləri on gün müddətində həll etsin;

9.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təkliflərini nəzərə almaqla, Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görsün;

9.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.6. dövlət əmlakının idarə edilməsini, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və yerquruluşu işlərinin aparılmasını, habelə daşınmaz əmlakın qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.7. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini tənzimləyən normativ hüquqi aktların iki ay müddətində hazırlanmasını təmin etsin;

9.8. “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsini təmin etsin;

9.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyindəki “Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi” MMC-nin və “Dövlət Yerquruluşu Layihə İnstitutu” MMC-nin strukturunu və ştat sayını optimallaşdırılmaq məqsədi ilə həmin hüquqi şəxslərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki “Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi” MMC-yə qoşulması yolu ilə yenidən təşkil olunmasını və yenidən təşkil olunmuş “Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi” MMC-nin adı dəyişdirilərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC adlandırılmasını təmin etsin.

11. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 428; 2014, № 2, maddə 124) aşağıdakı dəyişikliklər edilsin:

11.1. Fərmanın 1-ci, 3-cü, 5-ci, 6-cı hissələri ləğv edilsin;

11.2. Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar”da aşağıdakı dəyişikliklər edilsin:

11.2.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar hissəsinə aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci bəndlər əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti;

2-2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi;”;

11.2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar hissəsi üzrə:

11.2.2.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi;”;

11.2.2.2. 3-cü bənddə “ərazi idarələri” sözlərindən sonra “(ixtisaslaşdırılmış hüquqi şəxslər)” sözləri əlavə edilsin;

11.2.2.3. aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5. Təlim-Tədris Mərkəzi”.

12. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Təlim-Tədris Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı məsələləri aidiyyəti üzrə həll etsinlər.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2015-ci il.