Qəbələdə torpaqlardan istifadəyə və onların mühafizəsinə dair işgüzar forum keçirilib

Qəbələ rayonunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyə nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda işgüzar forum keçirilib.

Maarifləndirici forumun keçirilməsində məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.

Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağırışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digərlərinin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.